Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərin daha 6 adda dərsliyinin istifadəsini məqsədəuyğun saymayıb.
Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə günü Trend-ə bildirib ki, qurum tərəfindən orta məktəblərin V sinifləri üzrə dərslik və digər dərs vəsaitlərinin monitorinqi başa çatıb.
Monitorinqin nəticələrinə əsasən, V siniflərin "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" dərsliyi, "Həyat bilgisi" adı iki variativ dərsliyi, "Ədəbiyyat" dərsliyinin iki variativ nəşrindən birinin orta məktəblərdə istifadəsi məqsədəuyğun sayılmayıb. TQDK-nın rəyinə görə, həmin dərsliklər yenidən hazırlanmalıdır. Digər dərslik və dərs vəsaitləri isə TQDK-nın rəyi, təklifləri və iradları nəzərə alınmaqla tədris prosesində istifadə edilə bilər.
Nağızadə deyib ki, artıq bu dərsliklərlə bağlı rəylərini Təhsil Nazirliyinə təqdim ediblər. Dərsliklərin monitorinqinin nəticələri yaxın iki gün ərzində komissiyasının internet saytında yerləşdiriləcək.