Azərbaycan, Bakı, 11 may /Trend/
Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda rəngarəng bayram konserti təşkil edilib.
Trend-in məlumatına görə, bir neçə saat davam edən konsertdə şəhərimizin on minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər.
Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr ediblər.