Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron Təhsil" respublika müsabiqəsinin növbəti mərhələsində 194 layihə qalib statusu uğrunda mübarizəni davam etdirəcək. İKT İnformasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqəyə 890 layihə təqdim olunub. Onlardan yalnız 781-i meyarlara uyğun olaraq qəbul edilib.
Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə internet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.
"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaqlar.
"Təhsildə internet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə internet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar.
Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.