Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/
2013-2014-cü tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün keçiriləcək imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrlar üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, bakalavrlar bunun üçün komissiyanın internet saytındakı müvafiq sistemə daxil olmalıdırlar. Bakalavrlar bu vərəqəni almadıqları təqdirdə imtahanda iştirak edə bilməzlər.
Qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.