...

Sumqayıt və Genuya şəhərləri arasında əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 5 İyul 2013 04:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

2013-cü ilin 1-2 iyul tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İtaliyanın Liquriya regionunun paytaxtı Genuya şəhərinin meri Andrea Dorianın rəsmi dəvəti əsasında Genuyada işgüzar səfərdə olub.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı əvvəlcə E.Əzizov ilə A.Doria arasında görüş keçirilib. E.Əzizov Azərbaycanın və ələlxüsus Sumqayıt şəhərinin sosial-iqtisadi inkişaf təmayüllərinə, iqtisadi potensialına və perspektiv əməkdaşlıq sahələrinə dair həmsöhbətinə geniş məlumat verib. Hər iki tərəf Genuya ilə Sumqayıt arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə ediblər. Bununla əlaqədar, tərəflər qarşılıqlı maraq kəsb edən iqtisadi, mədəni, təhsil, elm, turizm və digər sahələrdə konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasına dair razılıq əldə ediblər. E.Əzizov italiyalı həmkarını Sumqayıta səfərə dəvət edib.

Görüşün nəticəsi olaraq, Sumqayıt ŞİH və Genuya meriyası arasında əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb. Memorandum tərəflər arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin əsasını qoymaqla gələcək fəaliyyət planını da ehtiva edən əməkdaşlıq haqqında müqavilənin imzalanmasını nəzərdə tutur.

Səfər zamanı E.Əzizov Genuyanın Ticarət Palatasının prezidenti Paolo Odone və yerli iş adamları ilə də görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə iki tərəfin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və Genuyanın iş adamlarının Sumqayıtda həyata keçirilən quruculuq layihələrinə cəlb edilməsi perspektivləri müzakirə olunub.

E.Əzizov Avropanın ən nəhəng sənaye limanlarından biri olan Genuyanın liman kompleksinə səfər edib və limanın imkanları ilə tanış olub. O, həmçinin Genuyada yerləşən Avropanın ən böyük pediatriya xəstəxanalarından biri olan "Gaslini" xəstəxanasını ziyarət edib.

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və Genuyadakı fəxri konsulu Marqarita Kosta da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti