Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul elan edib.
Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, rezidenturaya sənəd qəbulu 2013-cü il avqustun 14-dən 23-dək aparılacaq.
Onun sözlərinə görə, rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən (seriyası, nömrəsi və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerez) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətindən istifadə etməklə əldə edə bilər.
Nağızadə bildirib ki, bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib "Namizədin elektron ərizəsi" formasını təsdiq etdirməlidir (ətraflı məlumat "Rezidentura" jurnalının 2-ci sayının 4-5-ci səhifələrində və tqdk.gov.az/erizerez səhifəsindəki aktual keçidlərdə verilib). Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 9-da, ikinci mərhələsi isə 10-da keçiriləcək.
Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.