...

Azərbaycanda 9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbulla bağlı bəzi dəyişikliklər olub

Cəmiyyət Materials 19 İyul 2013 12:25 (UTC +04:00)
Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən bir neçə ixtisasına qəbulla bağlı bəzi dəyişikliklər olub.
Azərbaycanda 9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbulla bağlı bəzi dəyişikliklər olub

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən bir neçə ixtisasına qəbulla bağlı bəzi dəyişikliklər olub.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, bu ildən xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslar üzrə seçmə turlar ləğv edilib. Həmin ixtisaslar bədən tərbiyəsi və idman istiqaməti üzrə, həmçinin musiqi sənəti istiqamətinin "Musiqi müəllimliyi", "Musiqi nəzəriyyəsi", "Xor dirijorluğu", "İnstrumental ifaçılıq" (alətlər üzrə) və "Xalq çalğı alətləri ifaçılığı"dır (alətlər üzrə). Lakin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin "İnstrumental ifaçılıq" (alətlər üzrə) və "Xalq çalğı alətləri ifaçılığı" (alətlər üzrə) ixtisasları bu seçmə turlarda istisna hal kimi qeyd olunur.

Qalan xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər avqustun 5-dən 13-dək seçmə turlarda iştirak etməlidirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları avqustun 25-də keçiriləcək. Bu təhsil müəssisələrinə sənəd qəbulu iyulun 17-dən başlayıb. Bu günə kimi 2500-dək abituriyent sənəd verərək elektron ərizəsini təsdiqlədib. Bu il bəzi abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edə bilərlər. Həmin abituriyentlər 2012/2013-cü tədris ilində Azərbaycanın ümumi və ilk peşə ixtisas təhsili müəssisələrinin 9-cu, 10-cu və 11-ci siniflərini bitirən abituriyentlər, 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş şəxslərdir. Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə və TQDK-nın regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti