...

Evakuasiya xidməti ilə bağlı maraqlı layihə (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2013 16:19 (UTC +04:00)
"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə "Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili" adlı layihə həyata keçirir.
Evakuasiya xidməti ilə bağlı maraqlı layihə (FOTO)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Əliyev/

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə "Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili" adlı layihə həyata keçirir.

Trend-in məlumatına görə, İctimai Birliyin sədri Elməddin Muradlı layihənin təqdimatında bildirib ki, dörd ay müddətində həyata keçirilən layihə çərçivəsində 3 orta məktəbdə yol hərəkətində maarifləndirmə mövzusunda tədbir keçirilib, bir tədbirə isə dəstək verilib.

Muradlı son vaxtlar sürücülər arasında ciddi problemə çevrilən evakuasiya xidməti ilə bağlı da danışaraq bildirib ki, avtomobillərin evakuasiya olunması sürücüləri çox narahat edir. Rəhbərlik etdiyi İctimai Birlik bu narahatlığı nəzərə alaraq, QHT-yə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 min ədəd kart çap edib. Həmin kartlar sürücünün adı və mobil telefon nömrəsi yazılmaqla avtomobilin qabaq alın şüşəsinin altına qoyulmalıdır ki, yol polisi avtomobili evakuasiya etməzdən əvvəl sürücüyə məlumat verib avtomobilinin yanına dəvət etsin:

"Bununla da evakuasiya prosesində yaranan narazılıq aradan qalxmış olar. Biz kartları pulsuz paylayırıq. Güman edirik ki, yol polisi rəhbərliyi bu təşəbbüsə dəstək verəcək. Hər halda bu layihənin başlıca məqsədi vətəndaş-polis münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət etməkdir. Çünki dünyanın əksər yerlərində evakuasiyadan əvvəl sürücüyə mütləq xəbərdarlıq edilir".

Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov isə bildirib ki, hər il avqustun 1-də "Təmiz hava" aylığına start verilir: "Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqust ayının 1-dən 31-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək. "Təmiz hava" aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti