Azərbaycan, Bakı, 28 avqust /Trend/
Bu gün Kənd Təsərrüfatı Nazirliyində Səhiyyə Nazirliyinin mütəxəssislərinin də iştirakı ilə heyvandarlıq sahəsində mövcud vəziyyət, bünyavirus ailəsinə məxsus virus xəstəliyinə qarşı aparılan müalicə-mübarizə tədbirləri, qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə Trend-ə çərşənbə günü Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Kollegiya iclasında Dövlət Baytarlıq Xidmətinin rəisi, Respublika Baytarlıq Laboratoriyasının direktoru, sahənin alim və mütəxəssislər bu xəstəliyin əlamətləri, klinikası, müalicə üsulları, yayılma arealı barədə geniş məlumat verdilər.
Dövlət baytarlıq xidmətinin rəisi Sialə Rüstəmova bildirdi ki, cari il iyul ayının axırlarından başlayaraq xüsusən aran rayonlarında xəstəliyin başlanması, qan nümunələrinin götürülərək Respublika Baytarlıq Laboratoriyasında müayinənin aparıldığını 35 rayonda heyvanların xəstəliyə yoluxduğunu, bu barədə Beynəlxalq Epizotik Büroya müraciət edildiyini, xəstə heyvanların müalicə olunduğunu və eyni zamanada bu xəstəliyin müalicəyə tabe olduğunu diqqətə çatdırdı. Bu virus mənşəli xəstəlik İngiltərə, Belçikada, Almaniyada, Fransada və bir çox Avropa ölkələrində yayıldığını, insanların qidalanması üçün heç bir təhlükə mənbəyinin olmadığını və insanların narahatçılığına heç bir əsas olmadığını bildirdi.
Kollegiyada nazir İsmət Abasov xəstəliyin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi. Baytarlıq və heyvandarlıq sahəsində çalışan mütəxəssislərinn yerlərə ezam olunmasını və bu məqsədlə əhalinin maarifləndirilməsi barədə göstəriş verdi.
Kollegiyada Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dövlət Baytarlıq Təchizatı Birliyinə daxili vəsait hesabına alınmış 15000 kq dezinfeksiyaedici maddə-kaustik sodanın rayon (şəhər) baytarlıq idarələrinə bölgüsü aparıldığı və ən qısa zamanda yerlərə çatdırılması barədə tapşırıq verildi.