...

Cənub bölgəsinin gəncləri ölkə başçısı ilə görüşdən xoş təəssürat və ümidlərlə ayrılıblar

Cəmiyyət Materials 6 Sentyabr 2013 17:34 (UTC +04:00)
Cənub regionun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri sentyabrın 5-də Prezident İlham Əliyevlə Lənkəran şəhərindəki Gənclər Mərkəzində keçirilmiş görüşdən xoş təəssürat və böyük ümidlərlə ayrılıblar. Bu barədə Trend-ə ölkə başçısı ilə görüşdə iştirak etmiş abituriyentlər və onların valideynləri bildiriblər.
Cənub bölgəsinin gəncləri ölkə başçısı ilə görüşdən xoş təəssürat və ümidlərlə ayrılıblar

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Cənub regionun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri sentyabrın 5-də Prezident İlham Əliyevlə Lənkəran şəhərindəki Gənclər Mərkəzində keçirilmiş görüşdən xoş təəssürat və böyük ümidlərlə ayrılıblar. Bu barədə Trend-ə ölkə başçısı ilə görüşdə iştirak etmiş abituriyentlər və onların valideynləri bildiriblər.

Lənkəran rayonundan 685 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olan Mehdiyev Nadir deyir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşmək onun üçün çox gözəl hiss idi:

"Bu mənim üçün bir fəxr və bizim arzularımızdan biri idi. Mənim üçün görüşdə ən yaddaqalan məsələ xaricdə təhsillə bağlı idi. Çünki gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm. Məsələn, Amerikada və ya Avropa ölkələrində təhsil almaq istərdim. Xüsusən xaricdə təhsillə bağlı proqramın vaxtının uzadılacağı ilə bağlı ölkə başçısının sözləri məni çox sevindirdi. Sevindiyim şeylərdən biri də o oldu ki, təhsil alacağım universitetin yataqxanası yenilənəcək. Yəni ev problemim olarsa, yataqxanada rahat qala bilərəm. Bir sözlə görüşdən gözəl duyğu və təəssüratlarla ayrıldıq."

Lerikdən 660 balla Azərbaycan Dövlət Tibb Universitetinin "Müalicə işi" fakültəsinə daxil olan Ağazadə Elsevər isə ölkə başçısı ilə görüşünün ona hələ də yuxu kimi gəldiyini deyir. Dövlət başçısının sözləri isə onda gələcək planları ilə bağlı böyük ümid yaradıb:

"Ölkə başçısı ilə görüşdən çox xoş təəssüratlarla ayrıldım. Çünki Prezidentlə görüşmək hər adama qismət olmur. Onunla şəxsən görüşə bildiyim üçün hədsiz dərəcə sevinirdim. Bu mənim üçün ömürlük yadda qalacaq bir hadisə oldu. Görüşdən qabaq çox həyəcanlı idim. Gözlərimə inanmırdım. Açığı o vaxt şok vəziyyətində idim. Hələ indinin özündə də bu mənə yuxu kimi gəlir. Mən özüm də xaricdə təhsil almaq istəyirəm. Cənab Prezidentin isə xaricdə təhsil proqramının müddətinin uzadılacağı haqda dedikləri, abituriyentin ixtisas seçimi zamanı qəbul imtahanları əsasında toplanan bal əsasında birbaşa xarici universitetlərə daxilolma imkanının yaradılacağı məni çox sevindirdi. Mənim üçün ən çox sevindirici hal bu oldu."

Lənkəran rayonundan olan Süleymanova Arzu 657 balla Qafqaz Universitetinin "Riyaziyyat-İnformatika" fakültəsinə daxil olub. Arzunun atası Süleymanov Mirsəlim ölkə başçısının gənclərə belə diqqət göstərməsinin təqdirəlayiq olduğunu qeyd edir:

"Qızımın Prezidentlə görüşməsi bizi çox sevindirdi. Çox gözəl təəssürat idi. Mən bir valideyn olaraq bununla fəxr edirəm. Qızım özü də buna çox sevinirdi. Prezidentimizə minnətdarıq. Çox sağ olsun ki, gənclərlə görüşdü. Arzu çox sevinirdi və deyirdi ki, yaxşı ki çox oxudum və yüksək bal topladım, axırda da mənə Prezidentlə görüşmək qismət oldu. Onun sevinci yerə-göyə sığmırdı. Bizim diqqətimizi ən çox gənclərə və tələbələrə güzəşt, xüsusən tələbə kartları, yataqxana məsələləri cəlb etdi. Əgər tələbələrə güzəşt olunsa, çox yaxşı olar. Bu bizi də valideyn kimi sevindirər və maddi baxımdan yükümüzü azaldar."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti