Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/
Bu gün Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın qərb bölgəsində fəaliyyət göstərən dini icmaları sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakı ilə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan Komitə sədri Elşad İskəndərov Gəncədəki toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin yeddincisi olduğunu diqqətə çatdırıb. E.İskəndərov regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb. Komitə sədri dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayıb.
Onun sözlərinə görə, son illərdə dövlət başçısının qayğısı nəticisində 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.
Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb: "Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Sadəcə iki faktı - tariximizin və milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Şamaxı "Cümə" məscidi və siz gəncəlilərin və Azərbaycan xalqının inanc yeri olan "İmamzadə" kompleksinin təmir-bərpasını göstərməklə bunun əyani şahidi oluruq."
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də çıxışında vurğulayıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.
Millət vəkilləri Qənirə Paşayeva, Asəf Hacıyev isə çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.
Konfransda çıxış edən yerli din xadimləri və dindarlar bildiriblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. DQİDK tərəfindən dəstəklənən "Qazi Qarabağ azanı" layihəsi, "Axund və imamlar üçün xütbə vəsaiti" və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi qeyd ounmalıdır.
Həmçinin, Dövlət Komitəsinin dini icmalar üçün təlim kursları təşəbbüsü dindarlar tərəfindən dəstəklənib. Qeyd olunub ki, belə yüksək səviyyəli tədbirlər təkcə dövlət-din münasibətlərinin inkişaf etdirilməsinə, dindarların maarifləndirilməsinə deyil, həmçinin, ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət edir.
Konfrans çərçivəsində dörd paneldə 12 məruzə dinlənilib. Din xadimləri, dindarlar, ilahiyyatçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində regional konfransın iştirakçıları Prezident İlham Әliyevin sərəncamı ilə təmir olunan "İmamzadə" ziyarətgah kompleksini ziyarət ediblər.