...

Fikrət Məmmədov: Məhkəmələrdə insanlarda haqlı narazılıq doğuran hakimlərə qarşı tədbirlər davam etdiriləcək

Cəmiyyət Materials 7 Oktyabr 2013 15:07 (UTC +04:00)
Hakimliyə namizədlərin təyinatı ilə məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilib ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına səbəb olacaq.
Fikrət Məmmədov: Məhkəmələrdə insanlarda haqlı narazılıq doğuran hakimlərə qarşı tədbirlər davam etdiriləcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İzzət/

Hakimliyə namizədlərin təyinatı ilə məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilib ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına səbəb olacaq. Trend xəbər verir ki, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov "Qanunçuluq" jurnalına müsahibəsində bildirib.

F.Məmmədov əlavə edib: "Təsəvvür edin, əgər cəmi bir neçə il bundan əvvəl Bakı şəhərinin rayon məhkəmələrində 41 hakim işləyirdisə, bu gün onların sayı artıq 100-ü ötüb. Apellyasiya məhkəməsi hakimlərinin sayı isə 35-dən 120-dək yüksəlib. Təbii ki, bütün bunlar süründürməçiliyin aradan qaldırılmasını, vətəndaşların əsassız get-gələ salınmasının qarşısının alınmasını, nəhayət, işlərə daha keyfiyyətlə baxılmasını şərtləndirəcək".

Nazir qeyd edib ki, hazırda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması və özünüidarə funksiyalarının genişləndirilməsi, məhkəmə araşdırmalarının keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi üzrə geniş təhlil və ümumiləşdirmələr aparılır, müvafiq layihələr hazırlanır.

Son üç ildə 30-dan çox hakimin kobud qanun pozuntularına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə məhkəmə sistemindən kənarlaşdırılmasını təsdiq edən F.Məmmədov bildirib ki, Məhkəmə-Hüquq Şurası insanlarda haqlı narazılıq doğuran hakimlərə qarşı tədbirləri daim görür, bundan sonra da görəcək:

"Eyni zamanda, onları əvəzləyəcək yüksək mənəvi keyfiyyətlərə malik hazırlıqlı gənc hüquqşünasların seçimi də diqqətdən kənarda qalmır. Məhz bu səbəbdən Azərbaycanda hakimliyə namizədlərin seçiminin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilib. Bu prosedurlarla son illər ərzində 235 nəfər hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir. Cari ildə isə 72 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq görülüblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti