...

Dövlət Komitəsi: Azərbaycanda Aşura mərasimləri insidentsiz baş tutub

Cəmiyyət Materials 14 Noyabr 2013 17:06 (UTC +04:00)
Azərbaycanda "Aşura günü" şəhidlərimiz yad edilib, qanvermə aksiyalarında minlərlə insan iştirak edib. Dini icmaların mütləq əksəriyyətində əvvəlki illərdən fərqli olaraq zəncirvurma və başyarma kimi xoşagəlməz hallar müşahidə edilməyib. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsi: Azərbaycanda Aşura mərasimləri insidentsiz baş tutub

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda "Aşura günü" şəhidlərimiz yad edilib, qanvermə aksiyalarında minlərlə insan iştirak edib. Dini icmaların mütləq əksəriyyətində əvvəlki illərdən fərqli olaraq zəncirvurma və başyarma kimi xoşagəlməz hallar müşahidə edilməyib. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.

DQİDK-dən bildiriblər ki, bu gün ölkəmizin bütün bölgələrində İslam tarixinin ən faciəvi hadisəsi, eyni zamanda, şəhidliyin zirvəsinin rəmzi olan "Aşura günü" ilə bağlı əza mərasimləri keçirilir. Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə alması ilə həyata keçirilib.

Aşura mərasimlərində oxunan xütbə və moizələrdə Kərbəla faiciəsi şəhidlik məktəbi kimi tərənnüm edilib, Kərbəla şəhidləri ilə yanaşı, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları da anılıb. Məscidlərdə klassik Azərbaycan şairlərinin mərsiyələri səsləndirilib.

Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina ediblər. Son illər kök salmış ənənəyə uyğun olaraq, bu il də "Aşura günü" ölkənin 20-yə yaxın iri şəhər və rayonunda təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında minlərlə insan iştirak edib.

Məlumatda qeyd edilir ki, əhalinin və dindarların təhlükəsizliyi, ictimai aşayişin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fitvasında göstərilmiş müvafiq tövsiyələrə uyğun olaraq, əzadarlıq mərasimlərinin yalnız məscid və ziyarətgahların ərazisi daxilində keçirilməsi, küçə yürüşlərinə yol verilməməsi məqsədəuyğun sayılıb.

Ümumilikdə Aşura mərasimləri insidentsiz baş tutub. "Tasua" və "Aşura" günlərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla mütəmadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Dövlət Komitəsinin əməkdaşlarının respublika üzrə apardıqları müşahidələrin nəticəsi olaraq bildirilir ki, Aşura mərasimləri Kərbəla şəhidlərinin ehtiramına layiq şəkildə keçirilib, hər hansı ciddi insident baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti