Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İzzət/
Bələdiyyə sədrlərinin yol verdiyi qanunsuzluqla bağlı vətəndaşlar tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə edilən müraciətlərin sayı azalıb. Trend xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Mehdi Səlimzadə jurnalistlərə bildirib.
Mərkəz rəisinin sözlərinə görə, bu il bələdiyyələrin fəaliyyəti ilə bağlı mərkəzə daxil olan müraciətlərin təhlili göstərir ki, bələdiyyə sədrlərinin yol verdiyi qanunsuzluqla bağlı vətəndaşların etdiyi müraciətlərin sayı əvvəlki illərə nisbətən aşağı düşüb: "Hər il mərkəzə təxminən 2 minə qədər vətəndaş müraciəti daxil olur. Əvvəlki illərdə bələdiyyə və bələdiyyə sədrlərinin qanunsuz fəaliyyəti ilə daxil olan müraciətlərin sayı üstünlük təşkil edirdi. Amma bu ilin 9 ayının nəticələri əsasında aparılan təhlillər göstərir ki, artıq bu göstərici aşağı düşüb. Artıq vətəndaşlar bələdiyyələrə kömək məqsədilə müraciət edirlər. Bu da ilk növbədə, bələdiyyələrdə qanunsuzluqların aradan qaldırılması məqsədilə həyata keçirilən işlərin müsbət nəticəsi, eyni zamanda, insanlarda bələdiyyələrə artıq inamın yaranması kimi qiymətləndirilə bilər".