Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/
Yaxın bir neçə ildən sonra Azərbaycanda əhali arasında təqaüdçülərin sayının artması müşahidə ediləcək. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.
Əhalinin yaş strukturunda dəyişikliyin olmasını mənfi hal sayan alim qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımı 1960-cı ildən sonra yüksək olub. Bunun nəticəsi olaraq, hazırda əməkqabiliyyətli yaşda olan əhalinin sayı ümumi əhalinin 67 faizdən çoxunu təşkil edir: "Yaxın vaxtlarda - bir neçə ildən sonra onlar təqaüd yaşına çatdıqda ölkədə təqaüçülərin sayının kəskin artacağı gözlənilir. Proses ona doğru gedir. Ona görə də doğulan uşaqların sayının artırılması üçün əhalinin təbii artımı nizamlanmalıdır. Dövlət bunun üçün müəyyən tədbirlər görməlidir".
Z.Eminov deyib ki, bir neçə ildən sonra əhali arasında təqaüdçülərin sayının artmasının əsas səbəblərindən biri də 1990-cı ildən 2003-cü ilə kimi ölkə əhalisinin təbii artımında azalmanın baş verməsidir. Əhali arasında təqaüdçülərin sayını azaltmaq üçün doğumun səviyyəsi yüksəlməli, hər ailədə normal olaraq, 3 uşaq olmalıdır.
Alim bildirib ki, əvvəllər əsasən çoxuşaqlı olması ilə fərqlənən kənd ailələrində də artıq 2-3 uşaq olur: "Şəhərlərdə əvvəllər də 2 uşaq olurdu. Bəzi hallarda ailələrdə uşaqların sayı 3-ə çatırdı. Ancaq bu tendensiya artıq sabitləşib. 2013-cü ildə təbii artımın nisbi göstəricisi 2012-ci ilə nisbətən azalıb. Bu da onunla əlaqədardır ki, 1990-cı illərdə anadan olanlar artıq nikah yaşına çatmış olurlar. Nikah yaşının qaldırılması, məşğulluq problemləri, yeni qurulan bəzi ailələrin ilkin illərdə uşaq istəməməsi təbii artıma təsir edir".