Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanda insan resursları və İKT sahəsində yeni layihələr həyata keçirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə KOICA-nın prezidenti Kim Yon Mok deyib.
Onun sözlərinə görə, KOICA təhsil sahəsində də Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır: "Agentliyimiz Azərbaycanda təhsil sahəsində müxtəlif layihələr həyata keçirir. Ümid edirəm ki, Azərbaycan Dövlət Texniki Universiteti (AzTU) ilə reallaşdırılan layihə Azərbaycanın təhsil sisteminin inkişafına layiqli töhfə verəcək və yüksəkixtisaslı azərbaycanlı kadrların hazırlanmasına yardım edəcək".
AzTU-da agentliyin prezidenti ilə keçirilmiş görüşdə universitet və KOICA arasında əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycanın ali məktəbində Koreya agentliyinin maliyyələşdirdiyi "Azərbaycan Texniki Universiteti üçün təhsil informasiya sisteminin yaradılması" qrant layihəsinin həyata keçirilməsi müzakirə olunub.
AzTU-nun rektoru Xavər Məmmədov təhsil sisteminin təkmilləşdirilməsində adıçəkilən layihənin rolunu yüksək qiymətləndirib və qeyd edib ki, tələbələr və onların valideynləri layihə çərçivəsində yaradılmış sistemdən istifadə etməklə universitetin tələbələrinin müvəffəqiyyətləri haqqında informasiyaya internet vasitəsilə çıxış əldə edə biləcəklər.
Rektor vurğulayıb ki, layihənin məqsədi AzTU-da Koreya ali məktəblərində istifadə olunan texnologiyalar əsasında təhsil informasiya sisteminin yaradılmasıdır.
KOICA prezidenti bildirib ki, əməkdaşlığın daha bir istiqaməti ekoloji layihələr - çirklənmiş su və ərazilərin təmizlənməsi ola bilər.
Görüşdə KOICA prezidentinə AzTU-nun fəxri diplomu təqdim olunub.
Bakıda birgünlük səfərdə olan KOICA prezidentinin Azərbaycan hökumətində görüşlər keçirməsi, agentliyin respublikada maliyyələşdirdiyi layihələrin reallaşdırılmasının gedişatı ilə tanış olması nəzərdə tutulub.