...

Buraxılış imtahanlarında peşə liseylərinin şagirdlərinin yarıdan çoxu "Riyaziyyat"dan "iki" alıb

Cəmiyyət Materials 19 Mart 2014 11:09 (UTC +04:00)
Azərbaycanda 2013-2014-cü tədris ili üzrə buraxılış imtahanı verən peşə liseylərinin şagirdlərinin 1449 nəfəri "Ana dili", 2258 nəfəri "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb.
Buraxılış imtahanlarında peşə liseylərinin şagirdlərinin yarıdan çoxu "Riyaziyyat"dan "iki" alıb

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2013-2014-cü tədris ili üzrə buraxılış imtahanı verən peşə liseylərinin şagirdlərinin 1449 nəfəri "Ana dili", 2258 nəfəri "Riyaziyyat" fənnindən "iki" qiyməti alıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Onun sözlərinə görə, martın 16-da keçirilmiş buraxılış imtahanında iştirak etmiş 4248 şagirdin 2720-si "Ana dilindən, 1911-i "Riyaziyyat" fənnindən "üç" qiyməti alıb.

Buraxılış imtahanında çox az sayda şagird "dörd" və "beş" qiyməti alıb. İmtahanda iştirak edən şagirdlərin 76-sı "Ana dilindən, 78-i "Riyaziyyat" fənnindən "dörd" qiyməti alıb.

Şagirdlərin yalnız 3-ü "Ana dilindən, 1-i "Riyaziyyat" fənnindən "beş" alıb.

E.Nağızadə deyib ki, peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında "Ana dili" və "Riyaziyyat" fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Buraxılış imtahanı verən şagirdlər "Ana dili" və "Riyaziyyat" fənlərinin hər birindən 0-7 suala düzgün cavab verdikdə "iki", "Ana dili"ndən 8-17, "Riyaziyyat"dan 8-16 suala düzgün cavab verdikdə "üç", "Ana dili"ndən 18-25, "Riyaziyyat"dan 17-24 suala düzgün cavab verdikdə "dörd", "Ana dili"ndən 26-30, "Riyaziyyat"dan 25-30 suala düzgün cavab verdikdə "beş" qiyməti alıblar.

Qeyd edək ki, imtahanda iştirakı nəzərdə tutulan 4389 şagirddən 134 nəfəri imtahana gəlməyib. 7 şagird imtahan qaydaların pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti