Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir İ.İsabalayeva/
Londonda Novruz bayramı tədbiri keçirilib. Trend-in məlumatına görə, Ingiltərənin London şəhərindəki City Universitetində Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı bayrami tədbiri təşkil olunub.
Bir neçə saat davam edən bayram tədbirində ölkəmizin Böyük Britaniyadakı səfirliyinin nümayəndəsi, müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı və xarici tələbələrlə yanaşı çoxsaylı insan iştirak edib.
Bayram tədbirində Cəmiyyətin sədri Azər Əsgərov bildirib ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildən qeyd olunur. Şimal yarımkürəsində yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə- martın 20-21-də keçirilir.
Hələ keçmiş İttifaq məkanında milli bayramlara yasaq qoyulduğu vaxtlarda ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması, bu dəyərlərə arxalanaraq ölkəmizdə demokratik, hüquqi dövət quruculuğu prosesinin sürətləndirilməsi, Novruz bayramının ən yüksək səviyyədə keçirilməsi üçün bütün imkanları yaradırdı.
Bu işlər hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Beynəlxalq Novruz günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü edib. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat - ATƏT Novruz bayramını öz təqviminə daxil edib.