Azərbaycan, Bakı, 26 mart /Trend/
Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri davam edən gənclər və idman naziri Azad Rəhimov dünyanın aparıcı və ən qədim universitetlərindən biri olan Kolumbiya Universiteti ilə BMT Baş katibinin gənclər üzrə elçisinin ofisinin keçirdiyi gənclər konfransında çıxış edib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Gənclərin rast gəldiyi marqinalizasiya və qeyri-bərabərlik" (Marginalization and Inequalities Youth Face) mövzusunda keçirilən konfrans nüfuzlu akamedik və professorları, bir sıra dövlət və beynəlxalq təşkilatların nümayəndələrini, aparıcı Amerika və Avropa universitetlərinin tələbə və fəal gənclərini bir araya gətirib.
Öz çıxışında nazir bu cür tədbirlərin keçirilməsini dəstəklədiyini bildirib, Azərbaycan gənclər siyasəti modeli, onun prioritet və nailiyyətləri haqqında geniş məlumatı təqdim edib. Eyni zamanda, nazir oktyabr ayında Bakıda ilk dəfə keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum", o istiqamətdə görülən işlər haqqında danışıb, görüş iştirakçılarını Bakı Forumuna dəvət edib: "Bakıda ilk dəfə olaraq keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum"da 700 ekspert, dövlət, regional və beynəlxalq təşkilatların, eləcə də gənclər təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Biz sizin hər birinizi Forumda görməkdən şad olarıq".
"Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsi təşəbbüsü konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin tərəfindən də böyük maraqla qarşılanıb: "Mən sevinirəm ki, Azərbaycanda gənclərə sərmayə qoyulur. Bu, o deməkdir ki, siz həm öz gələcəyinizə, həm gənclərin gələcəyinə inanırsız".
Çıxışdan sonra gənclər və idman naziri Azad Rəhimov Kolumbiya Universitetinin muzeyinə Azərbaycan xalça nümunəsini hədiyyə olaraq təqdim etdi. Səfər çərçivəsində nazir Azad Rəhimov eyni zamanda "Gənclərin potensialının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu" (The role of UN in realizing the potential and meeting the challenges of empowering youth) adlı paneldə də çıxış edib. Nazir BMT-nin baş katibi Pan Gi Munun elan etdiyi "gənclər üçün və gənclər ilə iş" prinsipinin müasir gənclər siyasətində önəmli yer tutmasını qeyd edib, Azərbaycanda bu sahədə bir sıra nailiyyətlərin olmasını xüsusi vurğulayıb.
Qeyd edək ki, 24-25 mart 2014-cü il tarixlərdə gənclər və idman naziri Azad Rəhimov Kolumbiya Universiteti ilə BMT baş katibinin gənclər üzrə elçisinin ofisinin birgə keçirdiyi "Gənclərin rast gəldiyi marqinalizasiya və qeyri-bərabərlik" adlı konfransda dəvət edilmiş əsas spikerlərdən biri kimi çıxış edib.
Konfransdan sonra nazir BMT-nin İnkişaf Proqramının (UNDP) baş administratorunun müavini, Şərqi Avropa və MDB Departamentinin direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb. Görüşdə xanım direktor Azərbaycanda dəfələrlə səfərdə olduğunu və ölkədə böyük inkişafın müşahidə etdiyini söyləyib. Bundan irəli gələrək, o, "Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsini alqışlayaraq, Forumda mütləq iştirak edəcəyini də qeyd edib.