...

Azərbaycan diasporunun Almaniya cəmiyyətinə inteqrasiyası müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 27 Mart 2014 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Diasporla İş üzrə Dövlət Komitəsində Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin perspektivləri, Almaniyada Azərbaycan həqiqətlərinin yayılması, Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətinin inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub. N.İbrahimov Avropa ailəsinin üzvü kimi Azərbaycanla qitənin aparıcı dövləti olan Almaniya arasında münasibətlərin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O, Hans-Ebert Şleyerin rəhbərliyi ilə Almaniya-Azərbaycan Forumu nümayəndə heyətinin Bakıya səfərinin bu istiqamətdə önəmli rol oynayacağını bildirib.

Dövlət Komitəsinin sədri deyib ki, bu səfər Almaniya mediasında Azərbaycanla bağlı obyektiv məlumatların yayılmasına, Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına da öz müsbət təsirini göstərəcək.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin sədri Hans-Ebert Şleyer də öz növbəsində iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Daha sonra Almaniyada Azərbaycanla bağlı məlumat boşluğunun olmasından danışan Şleyer bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədlərindən biri də məhz həmin boşluğu doldurmaqdır. Onun sözlərinə görə, bu istiqamətdə mütəmadi olaraq bir sıra layihələr həyata keçirilir ki, onlardan biri də bu günlərdə alman jurnalistlərin Bakıya təşkil olunmuş səfəri idi. Almaniyalı qonaq Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bu sahədə qazanılmış uğurların təbliğinin vacib əhəmiyyət daşıdığını deyib.

Görüşdə Forumun İdarə Heyətinin üzvü, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samira İsmayılova-Patzer Almaniyadakı Azərbaycan diasporunun Almaniya cəmiyyətinə inteqrasiyası sahəsində əldə edilmiş uğurlardan danışıb.

Görüşdə iştirak edən Almaniyanın tanınmış jurnalisti, publisist Riçard Kessler isə Almaniya mətbuatında Azərbaycan həqiqətlərinin yayılması istiqamətində ciddi iş aparıldığını, buna misal olaraq Azərbaycan haqqında 45 dəqiqəlik sənədli filmin çəkilməsini və bir həftə öncə bir qrup alman jurnalistin Bakıya səfərini göstərib.

Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin digər üzvü, keçmiş diplomat Hans-Frederik fon Ploets isə çıxışında ölkələr arasındakı əlaqələrin inkişafında gənclərin rolunu xüsusi qeyd edib. O, Almaniyanın digər ölkələrlə mövcud olan tələbə-gənclər mübadiləsinin Azərbaycana da tətbiqinin səmərəli olacağını bildirib.

Onun bu fikrini dəstəkləyən N.İbrahimov Berlində Almaniya və Azərbaycan gənclərinin forumunun təşkil edilməsini təklif edib və gənclərlə yanaşı, diaspor təşkilatlarının da iştirak edəcəyi forumun bu istiqamətdə böyük başlanğıc ola biləcəyini deyib.

Bununla yanaşı, Dövlət Komitəsinin sədri Almaniya-Azərbaycan Forumunun İdarə Heyətində azərbaycanlıların sayının artırılmasını, təkcə Almaniyada deyil, Azərbaycanda yaşayan nüfuzlu ictimai-siyasi xadimlərin də təşkilatın sıralarına cəlb olunmasını təklif edib.

Tərəflər bu təklifləri müzakirə edərək reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, martın 29-dək Bakıda olacaq Almaniya-Azərbaycan Forumunun nümayəndə heyətinin bir sıra digər dövlət qurumlarında da görüşləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti