...

TQDK VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar aşkarlayıb

Cəmiyyət Materials 11 Aprel 2014 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası apardığı monitorinq zamanı 6-cı sinif şagirdlərinin hazırda istifadə etdiyi "Həyat bilgisi", "Ədəbiyyat", "Riyaziyyat" dərsliklərində ciddi qüsurlar aşkarlayıb.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 6-cı sinif dərslik komplektlərinin elmi-metodiki monitorinqinə oktyabrdan başlanılıb. Monitorinq artıq yekunlaşıb və onun nəticələri Təhsil Nazirliyinə təqdim edilib.

E.Nağızadə bildirib ki, Azərbaycan bölməsi üzrə 18 dərslik və 18 müəllim üçün metodik vəsait, rus bölməsi üzrə 15 dərslik və 15 müəllim üçün metodik vəsait - cəmi 66 dərslik və metodiki vəsaitin monitorinqi həyata keçirilib. Monitorinq zamanı dərsliklərin hamısında çatışmazlıqlar aşkar edilib. Ən ciddi qüsurlar həm Azərbaycan, həm də rus bölməsi üzrə "Həyat bilgisi", "Ədəbiyyat", "Riyaziyyat" dərsliklərində olub. Amma ümumiyyətlə, istifadə üçün yararsız olan dərslik və metodiki vəsait aşkarlanmayıb.

Komissiya rəsmisi əlavə edib ki, monitorinqlə bağlı müzakirələr yalnız Bakıda deyil, regionlarda da aparılıb. İctimaiyyətin marağı nəzərə alınaraq, həmin müzakirələr TQDK-nın internet saytı vasitəsilə canlı yayımlanıb. Müvafiq dərsliklər üzrə müəlliflər, eyni zamanda orta və ali məktəb müəllimləri və digər mütəxəssislər bu dərsliklərin müzakirəsində iştirak ediblər.

E.Nağızadə bildirib ki, hazırda 11-ci sinif dərsliklərinin monitorinqi aparılır. Bu monitorinqin də yaxın zamanlarda yekunlaşması və nəticələrin TN-ə təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib. Bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti