...

Bakının Nizami rayonunda Mikayıl Müşfiqin 105 illiyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2014 11:28 (UTC +04:00)
Nizami rayonunda ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş, dövrün yüksək bədii dəyərə malik romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmış, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş Mikayıl Müşfiqin 105 illik yubileyi qeyd olunub.
Bakının Nizami rayonunda Mikayıl Müşfiqin 105 illiyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Nizami rayonunda ədəbi fikir tariximizə yenilikçi şair kimi daxil olmuş, dövrün yüksək bədii dəyərə malik romantik ruhlu və dərin ictimai məzmunlu zəngin poeziyasını yaratmış, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş Mikayıl Müşfiqin 105 illik yubileyi qeyd olunub.

Trend-in məlumatına görə, rayonun 10 saylı orta məktəbində təşkil olunan tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Mikayıl Müşfiqin yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir: "Mikayıl Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı dərindən sevib, klassik ədəbiyyatımıza böyük məhəbbət bəsləmiş bunların yaxşı ənənələrindən həmişə öyrənməyin, yeni şəraitdə onları davam və inkişaf etdirməyin ən ardıcıl tərəfdarlarından olub".
Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, M.Müşfiq yeni poetik formalar yaratmaq cəhətində də öz qələm yoldaşlarından seçilən, fərqlənən şairlərimizdən olub: "Mikayıl Müşfiq bir sənətkar olaraq, daima öz sənətini inkişaf etdirmək üçün çırpınıb, özündən narazı qalmış poetik duyğularının, böyük arzularının ifadəsi üçün münasib, uyğun bədii təsvir vasitələri tapmağa çalışıb".
Tədbirdə həmçinin, çıxış edən 10 saylı orta məktəbin direktoru Leyla Məmmədova və digərləri vurğulayıblar ki, M.Müşfiqin şerində özü də ürəklərdədir, çünki canından artıq sevdiyi xalq ona öz ürəyində əbədi yer verib.
Qeyd olunub ki, görkəmli bəstəkarlarımız Müşfiqin sözlərinə onlarla gözəl nəğmələr yazıblar. Şairin "Yenə o bağ olaydı", "Oxu, tar", "Küləklər", "Ana" və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
Çıxışlardan sonra məktəb şagirdlərinin hazırladığı "Ah, nə gözəl şərəfdir sənətkar olmaq..!" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti