...

Mehdi Səlimzadə: Bələdiyyələrin birləşdirilməsi onların imkanlarını artıracaq

Cəmiyyət Materials 19 May 2014 12:24 (UTC +04:00)
Bir sıra bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətini canlandıracaq, onların yerli məsələlərin həll edilməsində imkanlarını artıracaq.
Mehdi Səlimzadə: Bələdiyyələrin birləşdirilməsi onların imkanlarını artıracaq

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Bir sıra bələdiyyələrin birləşdirilməsi onların fəaliyyətini canlandıracaq, onların yerli məsələlərin həll edilməsində imkanlarını artıracaq. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Mehdi Səlimzadə Azərbaycanda bir sıra bələdiyyələrin ləğv edilməsi və birləşdirilərək yenilərinin yaradılması məsələsinə münasibət bildirərkən deyib.

Mərkəzin rəisinin sözlərinə görə, Azərbaycanda bələdiyyələrin birləşdirilməsi təcrübəsi var və artıq ikinci dəfədir ki, bu proses aparılır: "Bələdiyyələrin birləşdirilməsi prosesinin əsas məqsədi fəaliyyəti zəif olan bələdiyyələrin fəaliyyətinin canlandırılması, yerlərdə yerli məsələlərin həll edilməsində imkanların artırılmasıdır. Artıq əvvəlki illərdə birləşən bələdiyyələrin də əldə etdiyi müəyyən təcrübə var. Bu birləşmə məhz ona istinadən həyata keçirilir".

M.Səlimzadə qeyd edib ki, birləşəcək bələdiyyələrin qəbul etdiyi qərarlara baxılıb, yoxlanılıb və onlarda ciddi nöqsanlar aşkar edilməyib. Bələdiyyələr birləşdikdən sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən onların əmlakının təhvil-təslimi prosesi həyata keçiriləcək: "Mərkəz mütəmadi olaraq bələdiyyələrin işinin təşkili ilə əlaqədar müvafiq tövsiyələr verir, yeni seçilmiş bələdiyyə üzvləri, o cümlədən birləşərək yenidən təşkil olunan bələdiyyələrin işlərinin müvafiq qaydada təşkil edilməsi üçün izah işləri aparır. Biz bələdiyyə qanunvericiliyi, bələdiyyələrin işinin təşkili, onların inkişafı ilə bağlı həmişə təkliflər veririk. Bu proses yenə də davam etdiriləcək".

Qeyd edək ki, mayın 6-da Milli Məclisin Regional məsələlər komitəsində "Azərbaycan Respublikasının bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə və dəyişikliklər haqqında" qanun layihələri müzakirə edilərək parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub.

Komitənin sədri Arif Rəhimzadənin sözlərinə görə, ilk vaxtlar 2757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu il mayın sonlarında bələdiyyələr birləşdirilərək onları sayı 1716-ya endirilib. Yeni qanun layihələrinə əsasən isə 21 rayon üzrə 204 bələdiyyənin birləşdirilməsi və 94 yeni bələdiyyənin yaradılması nəzərdə tutulur. Bu isə 110 bələdiyyənin ləğv edilməsi deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti