Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda V "Elektron Təhsil" Respublika müsabiqəsinə start verilib.
Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə V "Elektron Təhsil" Respublika müsabiqəsini elan edilib. Müsabiqənin rəsmi internet səhifəsi www.musabiqe.edu.az saytıdır.
Müsabiqə 3 istiqamət olmaqla 7 nominasiya üzrə keçiriləcək. Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə "Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli", "1 şagird: 1 kompüter" modeli üzrə ən uğurlu dərs/tədris layihəsi", "Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi", "Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi", "Təhsildə internet texnologiyaları" istiqaməti üzrə "Təhsildə internet resursları", "Müəllim bloqları", "Milli elektron tədris resurslarının yaradılması" istiqaməti üzrə "Milli elektron tədris resurslarının yaradılması" nominasiyalarında keçiriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.