...

Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyətə başladı (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2014 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün Dövlət Gömrük Komitəsi Akademiyasının fəaliyyətə başlaması münasibətilə mərasim keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, mərasimdən öncə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları, Akademiyanın tələbələri Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Dövlət Gömrük Komitəsi Akademiyasının açılış mərasimi Azərbaycanın Dövlət himninin səslənməsi və Dövlət bayrağının ucaldılması ilə başladı.

DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək Akademiyaya qəbul olunan tələbələri və onların valideynlərini təbrik edib. S.Mehdiyev bildirib ki, Akademiya gömrük orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanması, əməkdaşların ixtisasının artırılması və gömrük işi sahəsində elmi tədqiqatların aparılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli sərəncamı əsasında təsis edilib. Bu il ilk tələbələrini qəbul edən Akademiya müasir ali təhsil ocağı kimi onların peşə biliklərinin daha dərindən mənimsənilməsi, nəzəri və praktiki vərdişlərin aşılanması işində müstəsna rol oynayacaq.

Akademiyanın müəllimi Çingiz İsmayılov, qəbul imtahanında yüksək bal toplayan tələbə Neman Həsənzadə və valideyn Şəlalə Məhərrəmova çıxış edərək Azərbaycan dövləti tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açıblar, yeni təhsil ocağının yaradılmasında xidməti olan hər bir şəxsə minnətdarlıq ediblər.

Sonra Gömrük Akademiyasının təşkilində əməyi olan şəxslərə Dövlət Gömrük Komitəsinin təltif və mükafatları təqdim olunub.

Akademiyanın açılış mərasimindən sonra DGK rəhbərliyi müəllim kollektivi ilə görüşərək onlara tədrisdə uğurlar arzulayıb.

Qeyd edək ki, bu il Gömrük Akademiyasına daxil olan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcək. Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində tədrisi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti