...

Milli Məclisdə cinsi yolla keçən xəstəliklərlə bağlı məsuliyyət məsələsi müzakirə olundu

Cəmiyyət Materials 16 Sentyabr 2014 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması təklifi ilə məhkəməyə müraciət edə bilər. Bu, Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilmiş Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Әli Hüseynli Sosial siyasət komitəsi ilə birgə keçirilən iclasda bildirib.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, layihəyə görə, nikaha girən şəxslər tibbi müayinədən keçirlər. Layihəyə əsasən, nikaha girən şəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar.

Nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdikdən sonra arayış alırlar.

Müvafiq icra hakimiyyəti orqanlarının məsuliyyətli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Müayinənin nəticələri həkim sirridir.

Sosial siyasət komitəsinin üzvü Musa Quliyev təklif edib ki, nikaha daxil olmaq istəyənlər qeyd edilən xəstəliklərlə yanaşı, Hepatit C virusu üzrə də müayinə edilsinlər. Bununla yanaşı, tərəflər bir-birilərinin səhhətləri barədə məlumat almaq hüququna malik olmalıdırlar. Həkimlər onları bir-birilərinin səhhətlərinin vəziyyətindən məlumatlandırmalıdırlar.

Sosial siyasət komitəsinin üzvü Әhliman Әmiraslanov təklif edib ki, qanun layihəsində nikaha daxil olmaq istəyən şəxslərin müayinə olunacaqları xəstəliklərin adları "dəri-zöhrəvi xəstəliyi" kimi göstərilməsin. Həmin hissənin "cinsi yolla keçən xəstəliklər" kimi verilməsi daha düzgün olar.

Deputat Rəfael Cəbrayılov isə təklif edib ki, həmin xəstəlikləri müvafiq icra hakimiyyəti orqanı müəyyən etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti