Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanla Beynəlxalq Antikorrupsiya Akademiyası arasında əməkdaşlıq uğurla davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kroytnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Görüşdə cari il noyabrın 19-21-də IACA-ya üzv və tərəfdaş ölkələrin assambleyasının Bakı şəhərində keçiriləcək 3-cü sessiyası ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.
Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son dövrlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar barədə qonaqlara ətraflı məlumat verərək, bu sahədə beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu xüsusi vurğulayıb.
K.Əliyev, həmçinin cari ilin 31 iyun-1 iyul tarixlərində Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və IACA-nın iştirakı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda yüksək səviyyəli beynəlxalq konfransın Bakı şəhərində keçirilməsinin əhəmiyyətindən danışıb.
M.Kroytner, öz növbəsində, Azərbaycan tərəfinin IACA-nın 3-cü sessiyasının təşkili ilə bağlı gördüyü işləri müsbət dəyərləndirərək tədbirin yüksək səviyyədə təşkil ediləcəyinə və ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da yüksəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov da iştirak ediblər.