...

Beynəlxalq Kimya olimpiadasında çıxış edəcək azərbaycanlı şagirdlərin seçimi ilə bağlı növbəti tur başa çatdı

Cəmiyyət Materials 25 Fevral 2015 10:37 (UTC +04:00)
47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin zona mərhələsi başa çatıb.
Beynəlxalq Kimya olimpiadasında çıxış edəcək azərbaycanlı şagirdlərin seçimi ilə bağlı növbəti tur başa çatdı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin zona mərhələsi başa çatıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, bu mərhələdə X və XI siniflər üzrə ümumilikdə 693 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 215 şagird respublika mərhələsində iştirak etmək hüququ qazanıb.

Martın 1-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında seçim turunun respublika mərhələsi keçiriləcək. Bu mərhələdə şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar. Bunun üçün onlara 4 saat vaxt ayrılacaq.

Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan 5 gün sonra elan olunması nəzərdə tutulur. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək.

47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan olimpiadada dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək.47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi barədə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.

Qeyd edək ki, Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. Sonuncu - 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti