...

SOCAR növbəti genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2015 16:34 (UTC +04:00)
Rekultivasiya olunmuş sahələrdə geniş infrastruktur layihələri həyata keçirilib, Bakı İstedadlar Təhsil Kompleksi, “SOCAR” yanacaqdoldurma məntəqəsi, genişzolaqlı magistral şose yolu, jurnalistlər üçün yeni yaşayış kompleksi, eləcə də Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar Su Hovuzu Kompleksi tikilib.
SOCAR növbəti genişmiqyaslı ağacəkmə kampaniyasına başlayıb (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi ekoloji siyasətə uyğun olaraq hər il yaz və payız mövsümlərində genişmiqyaslı iməciliklər keçirilir, idarə və müəssisələrin əraziləri istehsalat tullantılarından təmizlənir, yüksək səviyyədə abadlıq, yaşıllaşdırma işləri görülür, əvvəllər salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Ümummilli lider Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız" tövsiyəsi SOCAR-da uğurla yerinə yetirilir. Yaz mövsümü ilə əlaqədar aprelin 4-də Şirkətin bütün strukturlarında şənbə iməcilikləri keçirilib. Aksiya ölkənin bütün ərazisini əhatə edib.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Bibiheybətneft" NQÇİ-nin mədən ərazisində keçirilmiş iməcilikdə iştirak edib, ağac əkib, ekoloji vəziyyətlə maraqlanıb, yaşıllaşdırma işləri ilə tanış olub. Şirkət prezidentinə məlumat verilib ki, 2006-cı ildən "Bibiheybətneft" NQÇİ-nin mədən ərazilərində həyata keçirilən davamlı ekoloji tədbirlər nəticəsində torpaq-bitki örtüyünün bərpası təmin edilib, ərazi aktiv istifadə zonasına çevrilib. Neft və neft məhsulları ilə çirklənmiş, lay suları altında qalmış 318,4 hektar ərazi həmin ildən etibarən rekultivasiya olunub, təbii landşaft arxitektura planına uyğun bərpa edilib. Torpaq-bitki örtüyünün bərpası məqsədilə indiyədək mədən ərazisində 49 mindən çox müxtəlif növ ağac və kol bitkisi əkilib, yaşıllıq sahəsi damcı suvarma sistemi ilə təmin edilib, o cümlədən yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilib. NQÇİ-nin ərazisində formalaşan lay suları tam qapalı sistemə keçirilib, relyefə axıdılmasının qarşısı alınıb. Rekultivasiya olunmuş sahələrdə geniş infrastruktur layihələri həyata keçirilib, Bakı İstedadlar Təhsil Kompleksi, "SOCAR" yanacaqdoldurma məntəqəsi, genişzolaqlı magistral şose yolu, jurnalistlər üçün yeni yaşayış kompleksi, eləcə də Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar Su Hovuzu Kompleksi tikilib. Torpaq örtüyünün bərpası məqsədilə yaşıllıqların salınması işləri davam etdirilir. Bugünkü iməcilikdə "Bibiheybətneft" NQÇİ-nin mədən ərazilərində 2700 ədəd müxtəlif növ ağac və kol bitkisinin əkilməsi, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilməsi, ağacların diblərinin yumşaldılması və abadlıq işlərinin aparılması nəzərdə tutulur.

Şirkət rəhbərinə məruzə edilib ki, şənbə iməciliyinə "Azneft" İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, "Azəriqaz" İB-nin qaz istismar sahələrinin, "Azərikimya" İB-nin zavodlarının, Kompleks Qazma İşləri Trestinin, Heydər Əliyev adına Neft Emalı Zavodunun, Qaz İxrac İdarəsinin, "Neftqaztikinti" Trestinin, Neft Kəmərləri İdarəsinin müəssisə və istehsalat bölümlərinin kollektivləri fəal surətdə qoşulublar. Geofizika və Geologiya, Marketinq və İqtisadi Əməliyyatlar, Təlim, Tədris və Sertifikatlaşdırma, Ekologiya, Nəqliyyat və Sosial İnkişaf İdarələri, eləcə də "Neftqazelmitədqiqatlayihə" İnstitutu, Qaz Emalı Zavodu və Şirkətin digər istehsalat kollektivləri iməciliyə öz müəssisələrinin ərazilərində çıxıblar. Ümumilikdə, SOCAR-ın təxminən 20 min əməkdaşının iştirak etdiyi şənbə iməciliyində 10 min-dən artıq ağac və gül kolu əkilib. Əkilən ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, çinar, kiparis, Avropa zeytunu, Eldar şamı, zeytun və meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilib.

"Bibiheybətneft" NQÇİ-nin neftlə çirklənmədən təmizlənmiş mədən ərazisində ağac əkən R.Abdullayev bildirib ki, Dövlət Neft Şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası istiqamətində aparılan genişmiqyaslı tədbirlər çərçivəsində məqsədyönlü fəaliyyət göstərir. O, ekoloji problemlərin həllinin Şirkətdə bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını, aprel ayının hər şənbə günü iməciliklərin keçiriləcəyini söyləyib, ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində görülən bu genişmiqyaslı ağacəkmə aksiyasını Azərbaycanda ətraf mühitin qorunması işinə neftçilərin verdiyi töhfə kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti