Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/
Radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və yanlış yönləndirilmədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu DQİDK-nın sədri müavini Gündüz İsmayılov Daxili İşlər Nazirliyi ilə "Dini radikalizmlə mübarizənin effektliytinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı" çərçivəsində Zaqatala rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində "Dini radikalizm və İslam dünyası" mövzusunda təşkil edilən mühazirədə deyib.
Dini radikalizmi doğuran səbəblərdən, İslam dünyasında baş verən proseslərdən danışan Dövlət Komitəsinin sədr müavini bildirib ki, İslam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur: "Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir".
Komitə sədrinin müavini ölkəmizin bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.
O. qeyd edib ki, bu prosesə bütün ictimaiyyət nümayəndələri, təhsil işçiləri, KİV, QHT sektoru, hüquq mühafizə orqanları və digər strukturlar cəlb olunub.
Daha sonra G.İsmayılov görüş iştirakçılarının suallarını cavablandırıb.