...

QMİ-nin himayədarlığı ilə İnquşetiyada keçiriləcək konfransda bir sıra sənədlər qəbul ediləcək

Cəmiyyət Materials 13 May 2015 15:19 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 14-də Rusiya Federasiyası İnquşetiya Respublikasının Maqas şəhərinə səfər edəcək.
QMİ-nin himayədarlığı ilə İnquşetiyada keçiriləcək konfransda bir sıra sənədlər qəbul ediləcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlkin İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 14-də Rusiya Federasiyası İnquşetiya Respublikasının Maqas şəhərinə səfər edəcək.

İdarədən Trend-ə bildiriblər ki, səfər İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun şəxsi dəvəti əsasında həyata keçirilir. Səfərdə məqsəd mayın 14-də Maqasda keçiriləcək "Dində mötədillik - sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur" mövzusunda keçiriləcək Beynəlxalq İlahiyyat Konfransında iştirak etməkdir.

QMİ sədrinin himayədarlığı ilə keçiriləcək tədbirdə çox sayda müsəlman dini liderin, Rus Pravoslav kilsəsi və yəhudi icmasının nümayəndələrinin, habelə Ümumdünya Müsəlman Alimləri Birliyinin baş katibi doktor Əli Əl-Karadaginin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Konfransda ictimai əxlaq məsələlərinə dair ilahiyyat bəyannaməsinin, 3 İbrahimi din adından bəyanatın və digər yekun sənədlərin qəbulu nəzərdə tutulur.

Şeyxülislam A.Paşazadəni səfərdə Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri icmasının başçısı Milix Yevdayev və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev müşayiət edəcəklər.

QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri A.Paşazadə Maqas Beynəlxalq İlahiyyat Konfransında məruzə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti