...

Azərbaycanın turizm şirkətlərinə xəbərdarlıq

Cəmiyyət Materials 27 İyun 2015 15:18 (UTC +04:00)
Tunisdə dünən 40 turistin öldürülməsindən sonra Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədəki bütün turizm şirkətlərinə bu gün tövsiyə xarakterli məktub göndərəcək.
Azərbaycanın turizm şirkətlərinə xəbərdarlıq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Tunisdə dünən 40-a yaxın turistin öldürülməsindən sonra Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədəki bütün turizm şirkətlərinə bu gün tövsiyə xarakterli məktub göndərəcək. Bunu Trend-ə Assosiasiyanın sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, ümumiyyətlə, Tunis Azərbaycan turistləri üçün prioritet ölkə deyil: "Xüsusilə yay aylarında turistlərimizin oraya getməsi halları çox az ola bilər. Amma bununla belə, AzTA tərəfindən turizm şirkətlərinə Tunisə bir müddət turizm səfərlərinin təşkil edilməməsi tövsiyə ediləcək. Biz tövsiyə edəcəyik ki, hələlik bir müddət Tunisə turizm səfərləri həyata keçirilməsin. Əgər bundan sonra turizm şirkətlərinə Tunisə turizm məqsədilə getmək üçün müraciətlər edilərsə, turistlərə hələlik bir müddət həmin ölkəyə səfər etməmələri tövsiyə edilsin".

Assosiasiya sədrinin sözlərinə görə, xaricə getmək istəyən turistlər ilk növbədə turizm şirkətləri ilə məsləhətləşməlidirlər: "Amma o, son vaxtlar turistlərin digər ölkələrə turizm şirkətlərinin xətti olmadan, özbaşına turlar təşkil etməsinə də təəssüflənib. Çox təəssüflər olsun ki, son vaxtlar turistlər özbaşına turlar təşkil edirlər. İnternet vasitəsi ilə özlərinə online hotel seçib xaricə gedirlər. Amma biz Tunisdəki hadisədən sonra öz tərəfimizdən yenə də turizm şirkətlərinə xəbərdarlıq göndərəcəyik ki, onlar turistlərə müəyyən istiqamətləri tövsiyə etsinlər . Yaxşı olar ki, bizim turistlər özbaşına səfər etməsinlər, turları sərbəst şəkildə özləri seçməsinlər. Turizm şirkətlərinin tövsiyələrindən faydalansınlar".

N.Bağırov bildirib ki, turistlər öz təhlükəsizliklərini qorumaqdan ötrü hər hansı ölkəyə getməmişdən əvvəl oradakı ictimai-siyasi vəziyyətlə maraqlanmalıdırlar.

AzTA sədri onu da əlavə edib ki, İraq və Suriyada dini turtizm inkişaf etdiyindən oraya gedən Azərbaycan turistləri də çox diqqətli olmalıdırlar: "Bu ölkələrin siyasi vəziyyəti sabit olmadığından turistlərin bir müddət həmin ölkələrə turizm səfərlərindən imtina edilməsi yaxşı olar".

Xatiqladaq ki, dünən Tunisdə törədilən terror aktı nəticəsində 40-a yaxın, Küveytdəki məscidlərin birində törədilən terror nəticəsində isə 24 nəfər həyatını itirib. Tunisdə ölənlərin turist olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti