...

Azərbaycanda gözlənilən quraqlıq meyvələrin qiymətlərinin bahalaşmasına səbəb olacaq

Cəmiyyət Materials 2 İyul 2015 13:53 (UTC +04:00)
Azərbaycanda iyul-avqust aylarında gözlənilən quraqlıq bitkilərin məhsuldarlığının azalmasına səbəb olacaq.
Azərbaycanda gözlənilən quraqlıq meyvələrin qiymətlərinin bahalaşmasına səbəb olacaq

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda iyul-avqust aylarında gözlənilən quraqlıq bitkilərin məhsuldarlığının azalmasına səbəb olacaq. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev deyib.

Onun sözlərinə görə, bu il gözlənilən quraqlıq bitkilərin yarpaqlarının vaxtından əvvəl qurumasına səbəb olacaq: "Bu da ümumilikdə məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Quraqlıq ilk növbədə hazırda yetişdirilən bostan bitkilərinə, tərəvəzlərə mənfi təsir göstərəcək. Bu hal ümumilikdə bütün meyvələrin məhsuldarlığına mənfi təsir edəcək".

V.Əliyev qeyd edib ki, quraqlıq dağlıq rayonlarla müqayisədə Aran rayonlarda yetişdirilən bitkilərin məhsulların məhsuldarlığına daha çiddi təsir göstərəcək: "Quraqlığın bitkilərə təsirini azaltmaq üçün isə ilk növbədə suvarma suyunun həcmi artırılmalıdır. Hazırda respublikada su çatışmazlığı mövcuddur, suvarma suyu çatışmır. Suvarma suyu da olmasa, quraqlıq çoxillik bitklər də daxil olmaqla, bütün bitkilərə - tərəvəzə, meyvələrə və dənli bitkilərə mənfi təsir göstərəcək. Tərəvəz məhsulları hər yığımdan sonra suvarılmalıdır. Bunun üçün su ehtiyatı olmalıdır".

V.Əliyev bildirib ki, çaylarda sululuq azalıb: "Bu da bağların, bostanların suvarılmasında artıq çətinliklər yaradır. Quraqlığın olması fermerlərin məhsul yetişdirməsinə imkan verməyəcək. Onlar əziyyət çəkirlər, amma məhsullarını yetişdirib sata bilməcəyəcəklər. Yetişdirdikləri məhsulun keyfiyyəti isə aşağı olacaq".

Meyvəçilik təsərrüfatının sahibi, fermer Həsən Həsənov isə Trend-ə bildirib ki, yay meyvələri ilə müqayisədə quraqlıq payız və qış meyvələrinə daha çox təsir edəcək.

Fermer bildirib ki, quraqlıq dövründə bitkilərdə göbələk xəstəliklərinə yoluxma halları azalır: "Amma quraqlıq meyvələrin keyfiyyətini pisləşdirir. Bu səbəbdən də bu il meyvələrin tam böyüməyəcəyi, xırda olacağı gözlənilir".

H.Həsənov hesab edir ki, quraqlıq meyvələrin məhsuldarlığını azaldacağından onların satış qiymətində də bahalaşmanın olması mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti