...

Azərbaycanda rus bölməsinin 1800-ə yaxın abituriyenti Azərbaycan dilindən imtahan verəcək

Cəmiyyət Materials 3 İyul 2015 15:36 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.
Azərbaycanda rus bölməsinin 1800-ə yaxın abituriyenti Azərbaycan dilindən imtahan verəcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda 1782 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 975 nəfərini oğlanlar, 807 nəfərini qızlar təşkil edir. Abituriyentlərdən 1097 nəfər cari ilin, 685 nəfəri əvvəlki illərin məzunlarıdır.

İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq.

Cari ildə "Azərbaycan dili" fənni üzrə birinci imtahan aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiyməti alıb.

Qəbul qaydalarına əsasən, aprelin 26-da keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir.

Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti