Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
MDB məkanında ilk dəfə olaraq, Azərbaycanda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında Türkiyənin Ege Universitetinin mütəxəssislərinin iştirakı ilə varikoz xəstəliyinin ən son müalicə metodu olan "Variclose" sistemi ilə "sianakrilatla embolizasiya" adlanan unikal cərrahi əməliyyat icra edilib.
Universitetdən Trend-ə bildirilib ki, ATU-nun professoru, tibb elmləri doktoru, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü Məhəmməd Kərimovun sözlərinə görə, dünyada son illər varikoz xəstəliyinin müalicəsində kimyəvi ablasiya metodları tətbiq olunmaqdadır. Ancaq kimyəvi ablasiya uzun illər daha çox skleroterapiya şəklində istifadə olunurdu. Lakin son 2-3 il ərzində ABŞ, Böyük Britaniya və Almaniyada varikoz xəstəliyinin müalicəsində N-butil sianakrilat deyilən yapışqanın istifadəsinə həsr olunmuş tədqiqatlar başlanıldı. Hazırda dünyada sianakrilatla embolizasiya olunan xəstələrin sayı 2000-i keçib.
Bu əməliyyat metodu dünyada 2 növ texnologiya ilə icra olunur. Onlardan biri beynəlxalq səviyyədə qəbul olunmuş türk texnologiyası - "Variclose"dir. Bu müalicə metodu varikoz xəstəliyinin müalicəsində ən son yenilik olmaqla yanaşı, lazer və radiofrekansla terapiyadan fərqli olaraq qansızmalarla müşayiət olunmur. Digər üstünlüyü isə ümumi və yerli ağrısızlaşmaya ehtiyacın olmaması, əməliyyatdan sonra kompression corabdan istifadə edilməməsidir. Xəstə əməliyyatdan sonra 1 saat ərzində klinikanı tərk edir və özünün gündəlik iş və həyat tərzində heç bir dəyişiklik etmir.