...

Deputat: Jurnalistin ölümü ilə bağlı baş verən ölüm hadisəsi dövlət siyasətimizin əleyhinədir

Cəmiyyət Materials 11 Avqust 2015 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanda avqustun 9-da jurnalist Rasim Əliyevin ölümü ilə bağlı baş verən hadisəni cənab Prezidentimiz İlham Əliyevin öz nəzarətinə götürməsi dövlətimizin ciddi narahatlığından xəbər verir və bu, bir daha göstərir ki, baş verən ölüm hadisəsi dövlət siyasətimizin əleyhinədir".

Bunu Trend-ə millət vəkili, professor Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu hadisəni törədənlər dövlətimizin qanunları qarşısında cavab verməlidirlər: ""İlk növbədə, həyatını itirən jurnalistə uca yaradandan rəhmət, ailəsinə, qohumlarına və yaxınlarına səbr diləyirəm. Bu hadisə Azərbaycan dövlətinin KİV siyasətinin üzərinə kölgə düşürür və ona daban-daban ziddir. Çünki dünyanın heç bir ölkəsində jurnalistə bizdəki qədər qayğı göstərilmir. Onlara dövlət tərəfindən mənzillər verilir, qəzet redaksiyalarına Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının xətti ilə yardımlar edilir. Ölkədə senzura yoxdur. Jurnalist öz fəaliyyətində tam sərbəstdir. Qələm sahiblərinə "bunu yaz, onu yazma, belə yazma, elə yaz" deyən yoxdur. Kim nəyi və necə istəyirsə, elə də yazır".

M.Qasımlı deyib ki, bəzilərinin bu hadisədən məhdud siyasi məqsədləri naminə istifadə etmək cəhdləri yolverilməz, rüsvayçılıq , milli adət-ənənələrimizə və mərhumun ailəsinə hörmətsizlikdir.

Deputat bildirib ki, insan qanı üzərində ucuz siyasət qurmaq cəhdinə heç bir ad da verilə bilməz.

Qeyd edək ki, avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyev döyülüb və aldığı fiziki xəsarət nəticəsində avqustun 9-da dünyasını dəyişib.

Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti