...

Dərsliklərdə təkmilləşdirmə işləri aparılır

Cəmiyyət Materials 26 Avqust 2015 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Elmir Murad/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən dərsliklərlə bağlı göndərilən qeydlər barəsində təkmilləşdirmə və korrektə işləri aparılır. Bunu Trend-ə açıqlamasında Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdirinin müavini Əsgər Quliyev deyib.

Onun sözlərinə görə, bu proses hər il aparılır. Yeni yaradılan dərsliklərin maketlərinin son 2 ildə nəşr olunmazdan öncə TQDK-nın ekspertizasına verdiklərini vurğulayan Ə.Quliyev qeyd edib ki, qiymətləndirmənin nəticələri dərslikərin seçilməsində də istifadə olunur: "Dərsliklər nəşr ediləndən sonra da nə təkliflər irəli sürülürsə, onlar da nəzərə alınır. Əgər TQDK-nın verdiyi rəylər elmi, yaxud elmi-metodiki və ya dil üslubu qeydlərdirsə, onda müəlliflərin, mütəxəssislərin iştirakı ilə bu təkliflər müzakirə olunur. O məsələ ki, düzəldilməlidir, dərhal düzəldilir. O məsələ ki mübahisəlidir və ya onu müəllif əsaslandırır ki, burada səhv yoxdur, onda düzəliş aparılmır. Nazirlik bu sahədə TQDK ilə əməkdaşlıq edir".

"İdeal dərslik anlayışı yoxdur" - deyən nazirlik rəsmisi bildirib ki, yeni yaradılan dərsliklərdə müəyyən qüsurlar olur: "Amma müəyyən zamandan sonra praktikada dərslikdəki hansısa ideyanın köhnə olduğu aydın olanda, yenilənməyə ehtiyac olduğu müəyyən edildikdə, nazirlik bu istiqamətdə dəyişikliyə əl atır. Dünyada cərəyan edən qloballaşma prosesində zamanla informasiyalar köhnəlir. Dərsliklər də informasiya mənbəyidir. Onlar yenidən çap olunur. Təhsil Nazirliyi isə öz növbəsində bu istiqamətdə yenilənmə işlərini mütəmadi aparır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti