Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/
Azərbaycanda turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Azərbaycanın turizm potensialının elektron marketinq vasitələri ilə təbliği məqsədilə nazirlikdə turizm sahəsində elektron marketinq üzrə işçi qrupu yaradılıb.
Yaradılan işçi qrupu nazirliyin marketinq planına əsasən hədəf bazarlarında aidiyyəti kampaniyaların təşkilində, xarici internet portallarında ölkəmizin turizm potensialının təbliğ olunması üçün müvafiq layihələrin həyata keçirilməsində, eləcə də gəlmə turizm üzrə marketinq tədqiqatlarının aparılmasında iştirak edəcək.
Hazırda dünyada 3 milyarddan artıq insan internetdən istifadə edir. Bu da öz növbəsində, qlobal internet məkanını təbliğat üçün effektiv bir vasitəyə çevirir. Bir sıra xarici ölkələrin təcrübəsinin təhlili göstərir ki, son zamanlar turizm və iqtisadiyyatın digər sahələrində elektron marketinq daha geniş istifadə olunur. Ənənəvi təbliğat vasitələrindən fərqli olaraq, elektron marketinq az maliyyə vəsaiti tələb etməklə daha çox effektiv təbliğat və informasiya təsirinə malikdir.