...

General Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2015 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin "General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə Müdafiə Nazirliyinin general və zabitləri, şəhər ictimaiyyətinin nümayəndələri, xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Sonra tədbir Gəncə Olimpiya İdman Kompleksində davam edib. Polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimini 3 mindən çox tamaşaçı izləyib.

Vizual görüntülərlə yadda qalan təntənəli tədbirdə 1000 əsgərdən ibarət xorunun, Gəncə Dövlət Dram Teatrının, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, eləcə də Gəncə Qarnizonundankı hərbi hissələrin şəxsi heyətlərinin nümunəvi çıxışları hərarətlə qarşılanıb.

Xalq Artisti Pərvanə Qurbanova və Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin aparıcılıq etdikləri yubiley mərasimində görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun mənalı ömür yolu və xidmətləri xatırlanıb. Qeyd edilib ki, general Mehmandarov döyüş meydanlarındakı yüksək peşakarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan tarixinin hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticəsidir.

Sonra general Səməd bəy Mehmandarovun obrazını canlandıran Xalq Artisti Alim Məmmədov görkəmli sərkərdənin xatirəsinin əziz tutulması, adının əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Gəncə ictimaiyyəti adından çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev vurğulayıb ki, şanlı döyüş ənənələri ilə zəngin olan milli tariximizin öyrənilməsi, görkəmli sərkərdələrimizin yubileylərinin keçirilməsi həm ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, həm də bu gün ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərindən biridir.

Son bir ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin üç görkəmli sərkərdənin: general Əliağa Şıxlinskinin 150, diviziya komandiri, general Cəmşid Naxçıvanskinin 120 və general Səməd bəy Mehmandarovun 160 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları tarixi hadisə olduğu vurğulanıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə yaradılmış təşkilat komitəsinin fəaliyyəti də yüksək giymətləndirilib və nazirin təsdiq etdiyi tədbirlər planına əsasən, respublika səviyyəsində silsilə tədbirlərin uğurla davam etdirildiyi bildirilib.

General Səməd bəy Mehmandarovun Azərbaycan xalqına müraciətləri, vaxtilə Gəncədəki praporşiklər məktəbinin məzunları qarşısındakı nitqi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Erməni təcavüzünə qarşı mübarizə tariximizdə də general Mehmandarovun müstəsna xidmətləri qeyd olunub, Qarabağın mühüm strateji əhəmiyyətli nöqtələrində - Xankəndidə, Şuşada, Tərtərdə, Ağdamda, Əsgəranda Azərbaycanın qoşun hissələrinin yerləşdirilməsi, onlara həvalə edilmiş postların möhkəmləndirilməsi, ümumiyyətlə, döyüşlərin idarə olunmasındakı xitmətləri barədə danışılıb.

Azərbaycan Xalq Cümhurriyəti dövründə Hərbi Nazirliyin mövcud olduğu il yarım ərzində Azərbaycan Ordusunun real qüvvəyə çevrilməsində igid sərkərdənin hərbi və mənəvi keyfiyyətlərinin böyük rol oynadığı, onun ardıcıllığının, qətiyyətinin, eyni zamanda, insarsevərliyinin, qayğıkeşliyinin ətrafındakılar üçün nümunə, örnək olduğu göstərilib.

Tamaşaçıların diqqətinə çatdırılıb ki, Səməd bəy Mehmandarov Azərbaycan xalqının milli ənənələrini şəxsi mənafeyindən həmişə üstün tutmuş, onun adı siyasi xadimlər sırasında ardıcıllıq, prinsipiallıq və vətənpərvərlik, xalq arasında isə mübarizlik rəmzi olub.

Qırx altı il imperiya ordusunda, tamamilə yad mühitdə milli qürurunu, milli varlığını qoruyub saxlayan tam artilleriya generalı Səməd bəy Mehmandarovun Bakının 11-ci bolşevik-daşnak ordusu tərəfindən işğalından sonrakı taleyi ilə bağlı səhnələr tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. General Əliağa Şıxlınskinin, görkəmli sərkədənin həyat yoldaşının və oğlu Pirinin obrazlarını canlandıran Əməkdar Artist Ramiz Vəliyevin, Kəmalə Məmmədovanın və Yusif Cəfərovun çıxışları böyük diqqətlə izlənilib.

Sonda general Mehmandarovun "Biz həyatda olmasaq da müstəqil Azərbaycanımız olacaq. Yenə də Azərbaycanın başi üstündə üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanacaq. Xalqımız qədirbilən xalqdır. Hər halda gələcək nəsillər bizi də xatırlayacaqlar" sözləri himn kimi səslənib. Heykəlləşən sərkərdəni nəsillər gül-çiçəklə ziyarətə gəliblər.

Mehmandarovların varisləri olan generallar - Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov, general-leytenant Heydər Piriyev və general-mayor Rasim Əliyev tamaşa meydanına çıxaraq bütün tədbir iştirakçılarını təbrik ediblər.

General Mehmandarovun yubileyinin keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsinin sədr müavini, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev vurğulayıb ki, müharibə şəraitində yaşadığımız indiki dövrdə qəhrəmanlıq ənənələrinin təbliği, sərkərdələrin yubileylərinin dövlət səviyyəsində təşkili mühüm əhəmiyyət kəsb edir. Ata-babalarımızın, əcdadlarımızın qəhrəmanlıq ənənələri gənc nəslin vətənpərvərlik tərbiyyəsində mühüm rol oynayır.

Çıxış edən generallar bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hərb tariximizə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib, Silahlı Qüvvələrin şəxsi heyətinin hər an Ali Baş Komandanın əmrlərinə hazır olduğunu bəyan ediblər.

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, respublikamızda görkəmli sərkərdənin yubiley tədbirləri uğurla davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti