Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
"Nə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının universitetlərlə birləşdirilməsinə, nə də universitetlərin AMEA ilə birləşdirilməsinə ehtiyac yoxdur. Bizə inqilab lazım deyil".
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Akademiya prezidenti qeyd edib ki, AMEA özünü bir elm qurumu kimi 70 il ərzində təsdiq edib və ölkədə böyük ziyalı elitası formalaşıb.
A.Əlizadə qeyd edib ki, AMEA institutları ilə universtetlər sıx əməkdaşlıq şəraitində çalışmalıdırlar.
Onun sözlərinə görə, gənclərin akademiyanın elmi laboratoriyalarında işləməyə böyük marağı var.
A.Əlizadə qeyd edib ki, hazırda 170 bakalavr AMEA-da çalışır. Onlar 70-ə qədər universitet fakültələrini təmsil edirlər. Bununla yanaşı, 90-dan artıq magistr akademiyada çalışır. Onlar da 80-dən çox universitet fakültələrini təmsil edirlər.