...

Sabah Rauf Mirqədirov son söz deyəcək

Cəmiyyət Materials 22 Dekabr 2015 11:42 (UTC +04:00)
Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində “Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam edəcək.
Sabah Rauf Mirqədirov son söz deyəcək

Bakı. Samir Məmmədov - Trend:

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində "Zerkalo" qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam edəcək. Bu barədə Trend-ə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Onun sözlərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə vəkil müdafiə çıxışı edəcək və R.Mirqədirova bəraət istəyəcək. Müdafiə çıxışından sonra R.Mirqədirov son söz deyəcək. Vəkil bildirib ki, prosesin gedişindən asılı olaraq sabah məhkəmə hökmü də elan oluna bilər.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib.

Prokuror hakimlər kollegiyasından R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqləndirilməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib.

Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti