...

Rauf Mirqədirov məhkəməsində son söz söylədi

Cəmiyyət Materials 25 Dekabr 2015 16:59 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Rauf Mirqədirov məhkəməsində son söz söylədi

Bakı. Samir Məmmədov - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Zerkalo" qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesinin növbəti iclası keçirilib. Bu barədə Trend-ə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Onun sözlərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Mirqədirov son söz söyləyərək bəraət istəyib. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürüən ittihamlarda təqsirli bilməyib və ittihamları əsassız adlandırıb.

Məhkəmə müşavirə keçirib. Hakim məhkəmənin qeyri-müəyyən vaxta qədər təxirə salındığını deyib.

Qeyd edək ki, ötən məhkəmə proseslərində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib və vəkil Fuad Ağayev müdafiə etdiyi şəxsə bəraət istəyib.

Prokuror hakimlər kollegiyasından R.Mirqədirova qarşı açılmış cinayət işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilərək onun işinin yüngülləşdirilməsini istəyib.

Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti