...

Azərbaycanda magistraturaya qəbul qaydaları açıqlandı

Cəmiyyət Materials 11 Yanvar 2016 14:11 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-2017-ci tədris ili üçün "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları" açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, "Magistr" jurnalının bu ilki 1-ci sayında "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları" dərc olunub.

Qaydalara görə, ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün ərizə verə bilməzlər.

Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün bakalavrlar internet vasitəsilə TQDK-nın rəsmi saytında "Bakalavrın elektron ərizəsi"ni doldurmalıdırlar. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar "Bakalavrın elektron ərizəsi"ni internet vasitəsilə özləri təsdiq etməlidirlər.

Qəbul qaydalarına görə, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Qaydalara edilən dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üçün keçirilən müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər (ümumi orta müvəffəqiyyət göstəricisi; ixtisas üzrə testdən (yazı işindən) toplanılan bal; ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal; xarici dil üzrə testdən toplanılan bal) nəzərə alınır.

Qaydalara əsasən, təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən müddətdə qəbul olunduğu təhsil müəssisəsinə və ya elmi təşkilata təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində və ya elmi təşkilatda qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Qaydalara edilən əlavəyə görə, bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.

Komissiyadan qeyd edilib ki, magistraturaya sənəd qəbulu 2016-cı ilin fevral ayında aparılacaq. Qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsinin 2016‑cı ilin mart ayında, ikinci mərhələsinin isə may ayında keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm çoxseçimli, həm də açıq formalı test tapşırıqları daxil ediləcək. Bunlara aid nümunələr "Magistr" xüsusi buraxılışının 2-ci sayında veriləcək.

Qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri TQDK tərəfindən müəyyənləşdirilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri çoxseçimli və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi vasitəsilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti