...

"Butros Butros-Qali Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına mühüm töhfələr verib"

Cəmiyyət Materials 17 Fevral 2016 19:29
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyəti Butros Butros-Qalinin vəfatı ilə bağlı açıqlama yayıb.
"Butros Butros-Qali Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına mühüm töhfələr verib"

Trend-i buradan izləyin

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyəti BMT-nin sabiq baş katibi, Mərkəzin fəxri üzvü Butros Butros-Qalinin vəfatı ilə əlaqədar xüsusi açıqlama yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, açıqlamada NGBM təsis olunduğu gündən Mərkəzə daim dəstək olan B.Butros-Qalinin Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına, həmçinin dünyada sülhün bərqərar olunmasına mühüm töhfələr verdiyi qeyd olunub: "Butros Butros-Qali həyatını daha ədalətli, stabil dünyanın qurulması, demokratikləşmə, qloballaşma və həmrəyliyin gücləndirilməsi kimi idealların təbliğinə həsr etmişdi. O, dialoq və əməkdaşlığın yorulmaz vəkili, insan hüquqlarının və mədəni müxtəlifliyin müdafiəçisi idi".

Açıqlamada həmçinin bildirilir ki, B.Butros-Qali dünyada sülhün bərqərar olmasına can atan görkəmli diplomat və intellektual idi: "O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, yaxın dostu olub, Nizami Gəncəvi irsinin dünyaya çatdırılmasına öz böyük töhfələrini verib".

Qeyd edək ki, B.Butros-Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü olub, təşkilatın beynəlxalq əlaqələrinin genişlənməsinə daim dəstək verib. O, 2015-ci ildə Bakıda keçirilmiş III Qlobal Foruma xüsusi videomüraciət ünvanlamışdı. 2014-cü ilin sentyabrında B.Butros-Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsis edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti