Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Apelyasiya Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.
Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, prosesdə hakim qərarı açıqlayıb.
Məhkəmənin qərarı ilə R.Mirqədirova 5 il sınaq müddəti təyin olunmaqla şərti həbs cəzası verilib. R.Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, ötən prosesdə R.Mirqədirov və onun vəkili F.Ağayev çıxış edərək bəraət istəmişdilər. Lakin dövlət ittihamçısı hakimdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdi.
Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bəraət istəyib.