...

Azad Rəhimov: Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2016 17:03 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu gundən Türkiyənin İstanbul şəhərində öz işinə başlayan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) “İƏT Gənc liderlər Sammiti”nə qatılıb.
Azad Rəhimov: Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik (FOTO)

Bakı. Trend:

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti bu gundən Türkiyənin İstanbul şəhərində öz işinə başlayan İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) "İƏT Gənc liderlər Sammiti"nə qatılıb.

Gənclər və İdman Nazirliyinin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıc, Malaziyanın gənclər və idman naziri Xairi Camaluddin, Birləşmiş Ərəb Əmirliklərinin gənclər və idman naziri Şamma Al Mazrim, Qambianın gənclər və idman naziri Mehdi Hassan və digər nazirlərin, eyni zamanada beynəlxalq təşkilatların nümayəndələri, islam ölkələrindən gənc liderlər, nobel mükafatçıları və qonaqların qatıldığı tədbir 14-15 aprel tarixlərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın himayəsi altında keçiriləcək İslam Sammiti Konfransının 13-cü sessiyasının bir hissəsi kimi təşkil edilir.

Tədbirin birinci panel günü gənclər və idman naziri Azad Rəhimov çıxış edib. Nazir ölkədə gənclər siyasəti sahəsində aparılan işlər, ölkənin 2/3 hissəsinin 30 yaşına qədər gənclərdən ibarət olması, "2005-2009", "2011-2015-ci illər Azərbaycan gəncliyi Dövlət Proqram"ları çərçivəsində görülmüş işlər, yeni "2016-2020 Azərbaycan Gəncliyi Dövlət proqramında öz əksini tapmış və icrası nəzərdə tutulmuş tədbirlər, eyni zamanda "2015-2025-ci illəri əhatə edən "Gənclərin inkişafı üzrə Dövlət Strategiyası" haqqında məlumat verib.

Nazir eyni zamanda, ölkəmizin İslam ölkələri gənclərinin həmrəyliyinə, birgə fəaliyyətlərinə və tədbirlərinə daim dəstək verdiyini, İslam ölkələri gənclər Forumunun təsis iclasının məhs Azərbaycanda keçirildiyini və ölkə başçısı İlham Əliyevin adı çəkilən təşkilatın mərkəzi qərargahının açılışında iştirak etdiyini və fəaliyyətini diqqətdə saxladığı barədə qonaqları məlumatlandırıb.

Nazir A.Rəhimov həmçinin, 2007-ci ildə Bakı şəhərində keçirilən "Gənclər Sivilizasialar arası alyans naminə" konfransının Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın patronajı altında keçirildiyini vurğulayıb.

Nazir bu gün ölkədə 320 QHT fəaliyyət göstərdiyini, Azərbaycanın Türkiyə, Küveyt, Qətər, Mərakeş, Səudiyyə ərəbistanı,Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran , İraq və digər ölkələrlə gənclər sahəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

A.Rəhimov deyib: "Biz hər birimiz gənclərin gələcəyinə məsul şəxslərik. Biz islamın sabahı haqqında düşünməliyik və məqsədlərimizə çatmaq üçün bu gün nələri ortaya qoyduğumuza diqqət verməliyik. Birgə qüvvələrimizi qoyaraq biz Gənclər Strategiyasını inkişaf etdirməliyik. Bu strategiya gənclərin arzu və istəklərinin üzərində qurulmalıdır."

Nazirin çıxışının sonunda İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib.

Sammitin ikinci panelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru, 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev Bakı İslam Həmrəyliyi Oyunları ilə bağlı təqdimatla çıxış edəcək.

Məlumat üçün bildirək ki, Sammitin əsas təşkilatçısı "Dialoq və Əməkdaşlıq naminə islam ölkələri gənclər Forumu" dur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti