Bakı. Trend:
"Təmiz Şəhər" ASC-nin nümayəndəsi bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar xammal bazarının inkişafı" adlı mövzu ilə mühazirə keçib.
Tələbələrə məlumat verilib ki, 2012-ci ildən etibarən səhmdar cəmiyyətin Balaxanıda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu fəaliyyət göstərir. Bakı şəhər İcra Hakimiyyətinin paytaxtdan topladığı məişət tullantıları bu zavodda "Təmiz Şəhər"ə təhvil verilir və burada çeşidlənir. Tullantının tərkibindəki təkrar emala yararlı əlvan və qara metallar, plastik növləri, şüşə, karton kimi materiallar ümumi kütlədən ayrılır və toplanaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir.
Zavodun yaxınlığında Balaxanı Sənaye Parkı (BSP) salınıb ki, burada fəaliyyət göstərən müəssisələrin hamısı təkrar emalla məşğul olacaq. Dövət təkrar xammal bazarının inkişafı üçün BSP-də fəaliyyət göstərəcək müəssisələri stimullaşdırır. Onlar "Təmiz Şəhər"in burada yaratdığı şəraitdən faydalanacaq, 7 il müddətinə müxtəliv növ vergilərdən azad olacaqlar.
Azərbaycanda təkrar xammal bazarının inkişafı ilə əvvəllər lazımsız hesab edilən tullantı materialalr yenidən iqtisadiyyata qazandırılır. Təkrar emal sənayesi həm də tullantıların azaldılmasına, ekologiyanın qorunmasına müsbət təsir göstərir.
Bugünkü xüsusi dərs "Təmiz Şəhər"in universitetdə təşkil etdiyi sayca 3-cü mühazirə idi. Səhmdar cəmiyyətlə təhsil ocağı arasında bağlanmış müqavilə ilə iki qurum bir-biri ilə elmi-təcrübi əməkdaşlıq edir. ASC-nin ADNSU-da mütəmadi mühazirələr təşkil etməsi də bu əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.