...

Britaniyalı millət vəkili Qarabağ atlarına valeh olub

Cəmiyyət Materials 28 May 2016 17:17 (UTC +04:00)
Böyük Britaniyanın “The House” jurnalında parlamentin İcmalar Palatasının gündəliyi bölümündə millət vəkili Bob Blekmenin məqaləsi dərc edilib.
Britaniyalı millət vəkili Qarabağ atlarına valeh olub

Bakı. Trend:

Böyük Britaniyanın "The House" jurnalında parlamentin İcmalar Palatasının gündəliyi bölümündə millət vəkili Bob Blekmenin məqaləsi dərc edilib.

Avropa-Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, "Bob Bləkman öz qlobal oyun planı ilə özünü fəda edir" başlıqlı hesabat məqaləsində bu il Kraliça II Elizabetin 90 illik yubileyinin qeyd olunmasına həsr olunmuş bir çox əhəmiyyətli tədbirlər arasında Kral Vindzor At Şousunun xüsusən seçildiyi və B.Blekmenin bu tamaşaya qatılmaqdan çox məmnun olduğu vurğulanır: "Kraliçanın atlara olan rəğbəti hamıya yaxşı məlumdur və Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi, mən, xüsusilə, Azərbaycanın milli at cinsi olan Qarabağ atlarını seyr etməkdən zövq aldım. Onlardan biri ilk dəfə Kraliçaya 60 il bundan əvvəl hədiyyə olunmuşdur. Bu nadir cinsin vətəni Azərbaycanın Dağlıq Qarabağ regionudur. Bu region Ermənistan tərəfindən işğal edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hazırda 25 ildir münaqişə ocağı kimi qalmaqda davam edir".

Xatırladaq ki, bu ilin 11-15 may tarixlərində London yaxınlığındakı Vindzor qəsrinin ərazisində Kraliça II Elizabetin 90 illik yubileyinə həsr olunmuş Kral Vindzor At Şousunda Azərbaycanı "Qarabağ" cinsindən olan 15 atdan ibarət süvarilər komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblınln kollektivi təmsil edib. Tədbir günlərində Azərbaycanın mədəniyyət pavilyonu da fəaliyyət göstərib. Ölkəmizin Kral Vindzor At Şousunda uğurla təmsil olunması TEAS və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib.

Qeyd edək ki, "The House" Böyük Britaniya Parlamentinin İcmalar Palatasının həftəlik siyasi jurnalıdır. Jurnal "Dobs" nəşriyyatı tərəfindən nəşr edilir. "The House" jurnalını müxtəlif partiyaları təmsil edən deputatlardan ibarət redaksiya heyəti idarə edir və parlament komissiyaları tərəfindən nəzarət funksiyası həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti