Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, dəyişikliklər “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 20 noyabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə edilir.
Dəyişikliklərə əsasən, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər respublikanın bütün ali təhsil müəssisələri ilə yanaşı, AMEA-ya da şamil ediləcək.
Müvafiq ixtisas üzrə magistr hazırlığı AMEA istisna olmaqla, yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçiriləcək.
İndiyədək isə hazırlıq yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilib.