...

UNEC-də "Thomson Reuters"in təlimlərinin iştirakçılarına sertifikatlar verilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 17:35 (UTC +04:00)
UNEC-də “Thomson Reuters”in təlimlərinin ilk iştirakçılarına sertifikatlar təqdim edilib
UNEC-də "Thomson Reuters"in təlimlərinin iştirakçılarına sertifikatlar verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasının təlimləri keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də təşkil olunub. Təlimlərdə “Thomson Reuters”in nümayəndələri iştirakçılara “Web of Science” platformasından istifadə qaydalarını öyrədib. Təlimdə UNEC-lə yanaşı, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri də iştirak ediblər.

“Thomson Reuters”in Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov təlimlərin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib.

O, proqramda yalnız UNEC-in deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakını yüksək dəyərləndirib: “Sevindirici haldır ki, təlimlərə bir neçə universitetin nümayəndəsi qatılıb. Onlar təcrübələrini öz həmkarları ilə bölüşəcəklər. “Web of Science” proqramından dünyanın 100-dən çox ölkəsinin aparıcı universitetlərinin alimləri, eləcə də, elmi-tədqiqat müəssisələri, təşkilatlar istifadə edir. Əminəm ki, “Thomson Reuters”ə çıxış Azərbaycan alimlərinin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına, ölkədə elmin inkişafına güclü təkan verməklə yanaşı, beynəlxalq əməkdaşlığı inkişaf etdirəcək”.

V.Baqorov UNEC-lə əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov təlimlərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Web of Science” platformasından istifadə UNEC-də aparılan elmi-tədqiqat işlərinin və onların uğurlu nəticələrinin beynəlxalq elmi ictimaiyyətdə tanıdılmasında mühüm rol oynayacaq. Bu platforma vasitəsilə alimlərimiz dünyanın nüfuzlu elmi jurnallarına çıxış əldə etmək imkanı da qazanacaqlar.

İki gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar “Web of Science” platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti